Şuşanın sabiq icra başçısı Nizami Bəhmənovun oğlu hakim qarşısına çıxarılıb. Ona arvadını öldürməyə cəhddə görə ağır cəza kəsilib.
Resmi.info musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə ittiham edilən Bəhmənov Ceyhun Nizami oğlunun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
C.Bəhmənov ötən il fevralın 1-də saat 12 radələrində paytaxtın Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 57 saylı evin qarşısında keçmiş arvadı 1982-ci il təvəllüdlü Bəhmənova Dilarə Faiq qızına bıçaqla çoxsaylı xəsarət yetirib.
Ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Məlumata görə, Dilarə Zeynalova 3 uşaq anası olub. Hadisədən iki il öncə Ceyhun Bəhmənovdan boşansa da, keçmiş əri onu ölümlə təhdid etməyə davam edib.
Dilarə Zeynalova 2018-ci ildə həyat yoldaşı evi təmir etdirdiyi üçün uşaqlarını da götürüb, müvəqqəti olaraq valideynlərinin evinə köçüb. Evin təmiri bir il sürdüyü üçün onlar uzun müddət Dilarənin valideynlərinin evində qalıblar.