Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

AzTV keçmiş əməkdaşları ilə bağlı məlumat yaydı

AzTV keçmiş əməkdaşları ilə bağlı məlumat yaydı
"Bu gün AzTV-nin qarşısında qurumun keçmiş əməkdaşı Səidə Vəliyevanın nümayiş etdirdiyi süni ajiotaj ucuz şoudan başqa bir şey deyil. Bu şəxs aylardır sədr Rövşən Məmmədov və kanalda çalışan digər əməkdaşların ünvanına təhqir və şantaj dolu bəyanatlar yağdırır. Onun düşüncəsinə görə, işdən azad olunmasında hər kəs günahkardır, yalnız özündən başqa. Təəssüf ki, prosesi yaxından izləyən jurnalistlərdən bir nəfər onun işdən azad olunmasının səbəbini soruşmur. Təbii ki, hətta bu sual verilsə belə, S.Vəliyevanın cavabı məlumdur – haqsızlıq, ədalətsizlik...".


Resmi.infonun məlumatına görə, bu barədə AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin açıqlamasında deyilir.


Daha sonra açıqlamada bildirilir: "Əgər bir işçi 2007-ci ildən 2020-ci ilədək 1 ay belə olsa, işə müntəzəm şəkildə gəlməyibsə (bu barədə rəsmi qeydiyyat kitabçası var), əgər bir işçi 13 il ərzində cəmi 6 dəfə qonorar alıbsa (TV-dən anlayışı olan hər kəs bilir ki, qonorar gördüyün işə görə verilir), əgər sədr bir işçini 2 dəfə qəbul edərək işə vaxtında gəlməsi, layihə üzərində işləməsi ilə bağlı xəbərdarlıq edibsə, lakin bütün bunların xeyri olmayıbsa, başqa çıxış yolu varmı?

Sonuncu dəfə isə edilən bütün xəbərdarlıqlardan və layihə hazırlamaq üçün verilən iki həftəlik səmərəsiz zamandan sonra S.Vəliyeva Kadrlar və Xüsusi İşlər Departmentinə çağırılıb və onunla müqavilə müddətinin uzadılmayacağı bildirilib. Lakin S.Vəliyeva “Məni heç olmazsa, xadimə vəzifəsinə keçirin, sadəcə adım AzTV-nin işçisi olaraq qalsın, stajım artsın. Maaş da istəmirəm” cavabını verib. Bu təfəkkürlü fərdlə hər hansı qaydada işləmək mümkündürmü?

Yuxarıda qeyd etdiyimiz kimi, bu fərd 13 il ərzində cəmi 6 dəfə qonorar alıb. Bununla belə 1 dəfə də olsa, rəhbərliyə müraciət etməyib. Deməli, onun TV-də çalışmasının məqsədi də maaş və qonorar deyil, sadəcə adının bu qurumla yanaşı çəkilməsini istəməsidir. Bildirək ki, S.Vəliyeva ev alqı-satqısı (“makler”) ilə məşğuldur və bu "vəzifə"də ona TV-nin adından yararlanmaq, görünür, daha səmərəli idi.

Əlavə edək ki, S.Vəliyevanın ali təhsili belə yoxdur. Cəmi 2 illik kurs bitirib və illərdir, vəzifəsi “redaktor” kimi gedib. Yalnız gedib... Gördüyü iş isə yox dərəcəsindədir.

Çox təəssüf ki, teleməkanın ocağı sayılan AzTV-də bu və ya digər səbəblərdən belə fərdlər var və onlar illərdir, “ölü canlar” kimi işə gəlməyə-gəlməyə maaş və qonorar almağa çalışır. Lakin televiziya yaradıcılıq məbədidir, sosial müdafiə fondu deyil və qurum daxilində şəffaflığın təmin olunması, yaradıcı mühitin formalaşması və TV-də məhz yaradıcı, intellektual insanların çalışması üçün bundan sonra da əlimizdən gələni edəcəyik".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ